İngiltərədə oğru pişiklər: facebookda əşyaların sahibləri axtarılır

13:00 03.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə pişik qonşuların paltarlarını və yeməklərini oğurlayaraq evlərinə gətirir. Harri adlı pişiyin sahibi Donna Hibbert isə əşyaları sahiblərinə çatdırmaq üçün Facebook-dan istifadə edir.

Hafta.az-ın "The Telegraph"a istinadən yazdığına görə, Hibbert bildirib ki, son dörd ildə Harri ətrafdakı evlərdən kolbasa, ayaqqabı və alt paltarı kimi müxtəlif mallar qaçırıb.

Derbys Darley Abbeydə yaşayan qadın, pişiyin təkcə son bir həftədə 6 əşya oğurladığını söyləyib.

Harrinin bunları hədiyyə kimi düşündüyünü deyən Hibbert "Düşünürəm ki, pişiklər sahiblərinə mükafat gətirməyi sevirlər və bu davranışın arxasında duran psixologiya budur... Harri gördüyü fürsətdən istifadə edir" bildirib.

Hibbert Harrinin oğurladığı malların dəyərinin təxminən 300 funt sterlinq olduğunu söyləyib.

Qadın Harrinin bacısı Lunanın da evə əşyalar gətirdiyini, onların adətən çip və ya siqaret paketi kimi zibil olduğunu izah edib.

Donna Hibbert Harrinin evə cüzdan gətirdiyini, ancaq onun içində heç nə olmadığını diqqətə çatdırıb.

Facebook qrupunda paylaşılandan sonra bəzi əşyalar sahiblərinə çatdırılıb. Yazıda üzr istəyən Hibbert, "Düz yanımızda olan qonşumuz Facebook-da yazılanları görüb "Onlar mənimdir" bildirəndə mən dəli olduğumu düşündüm" deyib.